Xalqı üsyana səsləyən müxalifət yox, məmurlardır

0
1022

Bizlər zarafata saldıq. Güldük,əyləndik. Amma bir şeyi qeyd etmək lazımdır. Alqışlamaq lazımdır məncə. Bu gün müxalifətin icazəsiz mitinq fikrindən daşınması çox tədqirəlaiq addımdır. Məncə Milli Şura yarandığı gündən bu günə kimi ən lazımlı qərarı verdi. Çünki, bu mitinq xalqa ziyandan başqa heç nə gətirməyəcəkdi. Buna bir neçə səbəb var: Mitinq tarixi yaxınlaşdıqca qrup-qrup şəxslər provakasiyalara başladı. Birinci müxalifətçi qruplara keçən mitinqdə təyziq göstərərək aksiya iştirakçılarına daş, kəsici alətlərlə xətər yetirilsin əmri verilməsi ilə bağlı söhbətlər gəzməyə başladı. Daha sonra hüquq-mühafizə orqanlarının LGTB üzvlərinə 100, 200, 300 azn məbləğində pul paylanaraq mitinqə cəlb olmaları ilə bağlı “Nəfəs” məlumatlar yaydı ki, BŞBPİ-dən bəyanat gecikmədi. Sonra bəzi canfəşanlar ortaya çıxaraq özünü iqtidaryönümlü göstərərək müxalifət liderlərinə hədə-qorxu gəlməyə başladı. Bununla bağlı telefon danışıqları, yazışmalar ictimailəşdirildi.  Ardıyca sutqalıqlar, təqiblər və. s, və ilaxır. İstər müxalifət, istər də iqtidar çox gözəl bilirdi ki, özünü onların dəstəkçisi kimi göstərən bəzi canfəşanlar 19 oktyabr mitinqində özlərinin simalarını rahatlıqla göstəriblər. Söhbət həm müxalifət cəbhəsidən, həm də polis adına qara ləkə olan, özünü erməni ilə üz-üzə təsəvvür edərək bütün “gücünü” ortaya qoymuş bəzi üz qaralarından gedir.  Bu maskalar 2 noyabr mitinqində daha eybəcər cırıla bilərdi. Bu mitinq qardaş qarşıdurmasına, ikinci Nardaran, Gəncə , hətda 1993 -cü ilin Gəncə qiyamının təkrarı da olardı bəlkə. Buna görə də MŞ legionerlərindən olan Cəmil Həsənlinin “məsləhət deyil” i tam yerində verilmiş qərar oldu.   Səbəbini də tam şəkildə açıqladı.

Ancaq bəzi qruplar və  şəxslər müxalifətin onlardan qorxduğunu, sinə-sinəyə gələ bilməyəcəklərini deyərək kimin və ya kimlərinsə xoşuna gəlmək üçün jest edir.  Bir şey fakt olaraq qalır: Bu saxta canfəşanlıq bu gün hakimiyyətə lazım deyil. Bu insanlarda qıcıq oyatmaqdan başqa bir şey deyil. 19 oktyabrda baş tutmuş icazəsiz mitinqdə həbs olunaraq saxlanılanlara, ora yığışanlara nəzər salsaq görəik ki, orada 70% müxalifətçi deyildi. Sadə vətəndaşlar idi-prezidentin etibarından, onlara verdiyi vəzifədən sui-istifadə edərək xalqa divan tutan məmur özbaşnalığından cana doymuş , məhkəmələrdə hakimlərin apardığı alverin qurbanı olmuş, yüksək faizli banklar tərəfindən müflis edilmiş vətədaşlar, haqqı ola- ola sosial yardımını ala bilməyən ailə başçıları,  əyalətlərdə icra başçılarının sitəmindən cana yığılmış rayon sakinləri idi…. Siyahını uzatmaq olar, həm də tutarlı faktlarla. Onlar mitinqə vurub dağıtmağa yox, dərdlərini, problemlərini eşitdirməyə çıxmışdılar. “Ölkədə hər şey əladır. Hər yer çiçəklənir , xalq firavandır” deyib baş altına yastıq qoyaraq bu hakimiyyətin dayağı, dostu kimi görünmək lazım deyil. Bu xalq çiçək yemir. Onların haqlarını yeyənləri prezident tanısın istəyir.  Etibarlı bilib xalqını əmanət etdiyi məmurların xalqın qanına susadığını, xalqa yox, ciblərinə xidmət etdiyini bilsin istəyir. Prezidenti bu xalq- zəhmətkeş, mərd, hər acıya sinə gərərək var olmağı bacaran bu xalq seçib.  Xalq qanlar bahasına əldə etdiyi azadlığı itirib Suriyanın, Əfqanıstanın durumuna düşmək istəməz. Xalq asayışı pozmaq istəməz.  Xalq rahatlıq, firavan yaşamaq istər. Haqqı olanı istər.

Özünü prezidentin dostu kimi cəmiyyətə sırımaq istəyən  bəzi qaragüruhçular bilməlidir ki, onlar ” hər şey yaxşıdır” deyərək “dostuna” yardım etmirlər. Onlar Düşmən dəyirmanına su tökərək haimiyyəti nüfuzdan salırlar. Birici növbədə belə insanları maliyyələşdirərək  cırıq qaloş tayı kimi ortaya atan “kölgə”lərin ifşasından başlamaq lazımdır. Bir şey qəbul edilməlidir ki,  belələri prezidenti və onun ailəsini söydürmək üçün dəri-qabıqdan çıxır. Ata Abdullayev kimisinin ABŞ-da hər hansısa bir zibil qabına müxalifət  legionerinin fotosunu yapışdırması 2000$ -a  başa gəlir. Bu isə bir ailənin bir illik dolanışığıdır. Bir tələbənin təhsil xərcidir. Bir əlilin təqaüdüdür. Bəlkə prezidentə kimisə söydürməklə yox, belə dəstək olaq? Ağılabatan deyilmi?

Əgər demokratik respublika varsa, iqtidar da olacaq, müxalifət də. Onlar arasında fikir ayrılığı da yaşanacaq, mübahisə də. Amma  tənqidlə təhqir arasındakı fərqin yağla su arasındakı fərq qədər böyük olduğunu dərk edirikmi??? -Məncə yox.   Axı biz niyə dərk etmirik ki, müxalifəti ermənilərdən təşkil edilməyib?  Axı iqtidar da , müxalifət  üzvləri də eyni ölkənin  şəxsiyyət vəsiqəsini daşıyır. Niyə biz əsl düşmənimizi unuduruq? Niyə qəbul edilmir ki , müharibə başladığı anda eyni səngərdə bir düşmənə silah dayanılacaq?

Müharibə şəraitində olan bir ölkədə  birinci növbədə provakasiyaya səsləyən şəxslər ifşa olunmalıdır- kimliyindən və mövqeyindən aslı olmayaraq. Vətəndaşın problemini dinləyərək qaynaqlanan səbəblər aşkarlanıb həll olunmalıdır. Ağzı tutularaq doblo-lara doldurulub Qızıldaşa düşürdülməklə olmur bu işlər. Bu problemlər həll olunarsa, vətəndaş müxalifətin mitinqini özü dağıdar polis əraziyə çatana kimi. Burdan nə nəticəyə gəlmək olar? Demək ki, nədir? – Xalqı üsyana səsləyən müxalifət yox, məmurlardır.

Pərvin Abışova /AzTimes.az/

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here