Vəndam qəsəbəsinin vandalları – FOTO

0
108

 

Büromuza Vəndam qəsəbəsində özbaşnalıqların baş alıb getməsiylə bağlı sayısız şikayətlər daxil olurdu. Məsələləri yerində araşdırmaq üçün əməkdaşım Alimə Mustafayeva ilə birgə Vəndam qəsəbəsinə yola düşdüm. Şikayətçilərdən biri olan ağsaqqal Ağabəy kişini yenidən tikilən Vəndam məktəbinin yaxınlığında tapa biləcəyimizi söyləmişdilər. Biz də elə ilk olaraq oraya getdik. Deyilən yerə çatdıqda ürək ağrıdan bir mənzərə bizi gözləyirdi. Qəbələ-İsmayıllı-Bakı yolunun kənarıda yerləşən məktəblə üz-üzə, yaşı yüz ildən artıq olan qəbristanlıq dağıdılmışdı. Qəbirlərin üzərinə torpaq tökərək, dükanlar inşa edilməkdə idi. Mən ərazidə çəkiliş aparmağa başladım. Əməkdaşım isə yaxınlıqda olan qadınlarla söhbətə yollandı. Çəkiliş vaxtı əməkdaşım çox həyəcanla yanıma gəldi. Qadınlar ona bu qəbristanlıqda, 1918-ci ildə Azərbaycanı erməni qırğınlarından xilas etməyə gəlmiş Qafqaz İslam Ordusunun iki şəhid əsgərinin məzarının da olduğunu söyləmişdilər. Mən, bu xəbəri deyən adamın yanına getdim. Həmin xanımın əri bizə məzarların yerini göstərdi. Məzarlardan birinin baş daşı hansısa səbəbdən sınmış olsa da, digər məzar kolluqlar arasında sağlam qalmaqda idi. Üstünü mücöyül (mamır) basmışdı. Mən, məzarın şəklini çəkdim. Sonra həmsöhbətlərimdən belə bir məlumatın onlarda haradan olduğunu soruşdum. Mənə bir orta yaşlı qadının adını söylədilər – Sərmayə xala. Qəbirlərin acınacaqlı vəziyyəti bizi o qədər sarsıtmışdı ki, həmin günü başqa şikayətləri dinləyə bilmədən Qəbələyə döndük. İlk iş olaraq mən bu barədə məlumatı Qəbələ rayon YAP təşkilatının sədri, İcra hakimiyyəti başçısının birinci müavini, köhnə dostum, AMİP Qəbələ rayon təşkilatının əski üzvü Abil Ağasəfova söylədim. Onun mənə verdiyi cavab çox qısa və konkret oldu: “Qəbristanlıq məsələsinə sən qarışma”. Açığı mən aldığım məlumatdan sonra bu məsələyə qarışmaya bilməzdim. İlk iş olaraq bu barədə kiçik bir məqalə yazaraq AzTimes.az saytın verdim ki, bəlkə məsələnin ictimailəşəcəyi təhlükəsi bunların bu biyabırçı hərəkətlərə son verməsinə səbəb ola. Aradan az vaxt keçdikdən sonra mən, bunların öz işlərinə daha da sürət verdiyi barədə məlumat aldım. Təkrar Vəndama getdikdə daha acınacaqlı vəziyyətlə qarşılaşdım. Qəbristanlıqda bütün ağacları kəsib, doğramışdılar. Şıdırğı tikinti işi gedirdi. Hətta əvvəl şəkillərini çəkdiyim o Türk şəhid məzarlarının heç iyi-tozu da qalmamışdı. Mən, məzarlıqla əlaqədar bilgiləri dəqiqləşdirmək üçün Vəndam qəsəbə sakinləri ilə təkrar görüşmək qərarına gəldim. Vəndamın yaşlı sakinlərindən biri olan, əraziyə yaxınlıqda yaşayan Qırımxan kişini tapdım. Qırımxan Əziz oğlu Abduləzizov ağır xəstəlikdən yeni qalxmışdı. Buna baxmayaraq bizi çox mehribanlıqla qarşıladı. Ona qəbristanlıqla bağlı suallar yönəltdim. O, həmin qəbristanlıqda yatanlar barədə mənə bilgi verdi. Qırımxan babanın söylədiklərindən: “Aclıq illərində çoxlu insanımız tələf oldu. Mən, orada, qardaşım Muradxanla birgə qəbir qazaraq, anamı və bacımı öz əlimlə dəfn etmişəm. Biri yeddi, digəri iki yaşında olan iki körpə oğlanlarımın da qəbri orada idi. Gedib onların qəbirlərinin bunlar tərəfindən dağıdıldığını görüb, ağlamışam. Əlimdən başqa nə gəlir ki, ay bala”. Mən soruşanda ki, “orada Türk əsgərlərinin də məzarının olduğunu deyirlər, siz bu barədə bilirsinizmi?”, Qırımxan baba bildirdi ki, bəli mən o vaxt eşitmişdim ki, orada iki türk əskərinin də məzarı var. Bundan sonra mən, qəbristanlığın yanına döndüm. Orada kənd ağsaqqallarından olan Ağabəy dayı ilə rastlaşdım. Ondan da eyni məsələni soruşduqda , o , mənə olmuş bir hadisəni danışdı. Ağabəy dayınln dediklərindən:
“Mən gənc olanda, bu qəbristanlığın yanında gimgə yeri vardı. Orada oturub, o zamanın yaşlı kişiləriylə birgə söhbətləşər, domino oynardıq. İçimizdən bir nəfər oyun əsnansında qəbristanlıq tərəfə keçdi. Geri döndükdə yaşlı kişilərdən olan Süleyman dayı onu danladı ki, sən öz ölülərimizə sayğısızlıq edirsən, bu bir yana, axı orada bizi xilas üçün gəlmiş Türk ordusunun iki əsgərinin də məzarı var. Onlardan da utanmırsanmı? Hətta o, həmin adama bir şapalaq da vurub, gimgədən qovdu”. Söhbət etdiyimiz bir çox qəsəbə sakinləri də bizə, həmin məzarlıqda Türk şəhid əsgərlərinin məzarının olduğunu bildiklərini söylədilər. Hadisəni bizə ilk söyləyən xanımın istinad etdiyi Sərmayə xala ilə görüşməmiz bir qədər gec oldu. Sərmayə xala xəstə idi və Bakıda idi. Onun kəndə döndüyünü eşidən kimi, təcili görüşünə yollandım. Sərmayə xanım ilk başdan danışmaqdan bir az çəkindi. Məlum oldu ki, biz qəsəbədən ayrıldıqdan sonra qəsəbənin bələdiyyə başqanı Asif Həşimov Sərmayə xalanın ərinin yanına gedərək ondan “arvadını başa salmasını” xahiş edibmiş. Lakin qısa bir xahişdən sonra Sərmayə ana bizə bildiklərini anlatdı. Sərmayə Qnyaz qızı Salmanovanın dedikləri: “ Mən cavan gəlin idim. Bizim su arxı oradan gəlirdi. Mən və Sona nənə suyu kəsə-kəsə gələndə, Sona nənə mənə dedi ki, bax qızım, bunlar türk saldatının (əsgərinin- Ş.C. ) qəbrləridi. Bunlar da filankəslərin qəbirləridi deyə, başqa qəbirləri də mənə tanıtdı. Sona nənə dedi ki, ay bala indi mənim də balam bunlar kimi haradasa, yad eldə, belə yatıb. Nənənin bir oğlu müharibəyə gedib, qayıtmamışdı. Sona nənə danışırdı ki, Türk qoşunu buradan keçib, Yevlaxa gedirmiş. İki əsgər ağır xəstə olub (yaralı imişlər). Burada dayanıblar. O iki əsgər şəhid olur. Türklərin böyüyü, (komutan-Ş.C.) bu qəbristanlıq yolun qırağında olduğu üçün Səfəralı kişi ilə mənim babama deyib ki, bu iki əsgəri orada dəfn edin. Səfəralı kişiylə mənim qaynım da o əsgərləri burada dəfn ediblər. Bunları mənə Sona nənə danışdı o vaxt.” Sərmayə ana dedi ki, “mənim də bir övladımın qəbrinin üzərində tikirlər bu dükanları. Əlim heç yana çatmır bala. Bunlar gestapoçulardı, bizi suya belə həsrət qoyublar. Kəndin yolun bu üzünə gələn tarixi arxını belə doldurtdular. Tərəvəz əkə, bağ sulaya bilmirik. Yalvadıq ki, borular alaq, arxı borularla çəkək, bələdiyyə ilə icra qoymadılar. Bala sənin bunlara gücün yetməz. Cəmi bir nəfər anasının qəbrini çıxarıb, apara bildi”.
Adının çəkilməsini istəməyən başqa bir sakin də Türk qəbirlərindən və məzarı dağıdılmış nənəsinin qəbrindən danışdı. Onun dedikləri: “ Mənim atamın anası burada yatır. Burada başqa əzizlərim də var, körpələr var. Gəlib indi bunun düz üstündə mağaza tikirlər. Mən bunun analoqunu yalnız erməni işğalı olan yerlərdə görürəm. İki Türk əsgərinin məzarının dağıdıl-ması da bir başqa . Buna göz yummaq olmaz. Bunlar qəbirlərlə abidələri dağıdırlar, yerlərini satırlar. Böyük vətən müharibəsində ölənlərin də abidəsini məhv etdilər. Orada əmimin adı var idi,ziyarət edirdik. ”
Qəsəbə sakinlərinin demək olar ki, tamamı qəsəbənin bələdiyyə sədri Asif Həşimov və icra nümayəndəsi İlham Bağırovdan danışarkən, uşaq vaxtı baxdığım müharibəyə aid filmlər mənim gözümün önünə gəlirdi. Sanki bu adamlar işğalçı faşist ordusunun sovet kəndlərinə təyin etdiyi yerli satqınlardan olan kəndxudalardan danışırdılar. Bunlar xalqa mümkün olan hər zülmü etməklə məşğuldular. Danışdığım qəsəbə sakinləri arasında, bu rəhbər işçilər barədə xoş söz deyən kimsəyə təsadüf etmədim.
Azərbaycan respublikasında hər il, cənab prezidentin birbaşa sərəncamı ilə Qafqaz İslam ordusunun, Türk qardaşlarımızın, xalqımızı erməni soyqrımından xilas etməsi hadisəsi böyük coşquyla, təntənə ilə qeyd edilir. Ölkə vətəndaşları bu bayram tədbirində, vəfa borcumuzu yerinə yetiridiyimiz həmin günlərdə, Türk şəhidliklərini ziyarət edirlər. Bu məzarlar mərhum prezidentimiz Heydər Əliyevin söylədiyi : “Bir millət, iki dövlət” sözünün isbatı olaraq qorunur, daima abad tutulur. Qəbələdən Bakıya gedərkən də yol boyu, canlarını Azərbaycan yolunda fəda etmiş Türkiyəli qardaşlarımızın məzarlarıyla rastlaşırıq. Onlar üzərində Türkiyə və Azərbaycan bayraqları qoşa dalğalanır. Bu il ölkəmiz, Xilaskar ordunun Bakıya zəfər yürüşünün 101-ci il dönümünü təntənəylə qeyd edirdi.
Qəbələ rayonunda isə respublika prezidentinin səlahiyyətli nümayəndələri tamah üzündən, pul xətrinə qəbristanlıqlarda nəinki aclıqdan ölmüş insanların, körpə uşaqların, nakam gənclərin, qız-gəlinlərin qəbir yerlərinə göz dikirlər, üstəlik də bu torpaqların xilaskarı olmuş əsgərlərin də iki qarış torpağına göz dikirlər. Onlara, xilas etdikləri torpaqlarda ikicə qarış yeri belə rəva görmürlər. Sual olunur, onların şəhidlərə qarşı, Türklərə qarşı bu dözümsüzlüyünün kökü haradan qaynaqlanır ? Bu vəzifəlilər o kəslərdir ki, bir müddət qabaq da ulu öndər Heydər Əliyevin göstərişi ilə Vəndam kəndində , Böyük Vətən müharibəsində həlak olmuş kənd sakinlərinin xatirəsinə ucaldılmış, həlak olanların tamamının adları da qeyd edilmiş olan tarixi abidəni də məhv edərək, abidəyə ayrılmış ərazini böyük məbləqdə pula satmışdılar. Görünür pul hərisliyi, cəzasızlıq və bir pillə yuxardakıların dəstəyi bu kəsləri tam arxayınlaşdırmışdır.
Görün insanlığın hansı durumudur ki, bu iki şəxs həyatdan nakam getmiş gənc qız və oğlanların, acından vəfat etmiş körpələrin, yaşlı insanların qəbirlərini dağıtmadan utanmır, vicdan əzabı çəkmirlər. Guya köçürülmək adıyla sökülərək, çıxarılmış on beş-on altı qəbirdən çıxan sümükləri isə bir ümumi məzara ataraq, üstü torpaqlanmışlar. Dünyadan nakam getmiş gənc bir qızın sümüklərinin yad bir kişinin sümüklərinə qatılaraq torpaqlanması hansı dəyərlərə sığan bir əməldir?!
Vəndam qəsəbəsində elə bir qorxu mühiti yaradılıb ki, insanlar öz əzizlərinin qəbirlərinin dağıdılmasına belə açıq şəkildə etiraz edə bilmirlər. Bu qorxu mühitinin arxasında isə Vəndam bələdiyə başqanının camaatın içərisində, döşünə döyə-döyə, “mənim arxamda Qəbələnin İcra başçısı durur, onun arxasında da onun qudası, Ədliyyə naziri Fikrət Məmmədov durur “-deməsi vardır. Heç şübhəsiz ki, cənab nazirin özünün Qəbələdə baş verənlərdən xəbəri belə yoxdur, Asif kimi biriləri, öz şəxsi mənafeyləri üçün onun da adını xalq içində bədnam etməklə məşğul olurlar. Bu iki vəzifəli şəxs, öz əməlləriylə prezidentin də adına ləkə gətirilər, millətimizin də adına ləkə vururlar. Hətta mənfur düşmənlərimiz ermənilərin də əlinə bizə qarşı dəlillər verirlər. Biz, bütün Dünyaya bəyan edirik ki, haylar(ermənilər) vandaldırlar. Bizim işğal edilmiş ərazilərdə qalan qəbirlərimizi söküb, dağıdırlar. Hətta bəzi haylar belə buna etiraz etdiyi bir vaxtda, gözünü para tutmuş iki məmur Dünyaya car çəkirlər ki, bizim özümüz də öz qəbirlərimizə sayğı göstərmirik, heç bizi xilas etmiş qardaş ölkə şəhidlərinə də məhəl qoymuruq.
Vəndam sakinləri mənimlə söhbətdə öz təmənna və arzularını bu cür ifadə etdilər:
“Biz əminik ki, ölkə səviyyəsində bu vandalizmə ciddi reaksiya veriləcək. Bunu edənlər layiqli cəzalarını alacaqlar. Biz əminik ki, mərhum prezidentimizin varisləri də onun kimi Türkiyə – Azərbaycan qardaşlığına xüsusi önəm verirlər. Türk şəhidlərinin məzarının təhqir edilməsinə, o cümlədən yüzlərlə nakam insanın ruhunun narahat edilməsinə dövlət başçımız və Birinci Xanım əsla göz yummayacaqlar. Lakin Hafiz Hacıyevin də dediyi kimi, ölkə rəhbərliyinin ətrafını sarmış erməni qarışığı olanlar, bu bilgilərin onlara çatdırılmasını hər yolla əngəlləməyə çalışacaqlar. Bu üzdən də biz məlumatların gərəkli yerlərə çatdırılmasında Türkiyə Cümhuriyyətinin imkanlarından da istifadə etməli olduğumuzu düşünürük. Türkiyə Cümhuriyyətinə müraciət edəcəyik ki, Türk qardaşlarımız bizi, Qəbələni işğal etmiş bu güruhdan təkrar xilas etmək üçün gərəkəni əsirgəməsinlər.”
Müharibə halında olan bir ölkədə yerəl rəhbərliklərin bu cür anti dövlət siyasəti yeritməsinin özü də çox manidardır. Yerli aidiyytli orqanların buna biganəliyi isə bir başqa sualdır.
Mövzuya davam edəcəyik.

AzTimes.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here