Beyləqanın əfsanəvi şahini -Şahin Cavadzadə

0
278

Ev o zaman insanı özünə çəkir ki, onu zəhmətlə tikir insan. Çörək o zaman dadlı olur ki, onu əziyyətlə, alın təri ilə qazanır insan. Torpaq o zaman cənnətməkan olur ki, mayası igid qanı ilə yoğrulur. Vətənim Azərbaycanın hər qarışında, hər qayasında, hər daşında, boynu bükük bənövşəsinin məsum ləçəyində belə bir şəhidin haqqı var- qanı var. Aldığımız nəfəsi,gəzdiyimiz torpağı, sevincimizi də, uğurumuzu da,üçrəngli bayrağımızı da şəhidlərə borcluyuq. Məzar daşlarından bizə ümid dolu gözlərlə baxan , bəlkə də neçə arzuları gözlərində qalmış, neçə uzun , işıqlı yolları bitməmiş, planlayıb qurduqları işıqlı, göy qurşağı kimi rəngarəng həyatları viran olmuş “Təki Vətən sağ olsun” deyə. Uzaqlara aparmayacam sizi. Yaxın tariximizə-Aprel döyüşlərinə səyahət edəcəyik. 22 illik susqunluqdan sonra düşmənə ən ağır zərbənin vurulduğu Azərbaycan tarixinə beşgünlük müharibə kimi qızıl hərflərlə yazılan bu savaşda itkilərimiz də oldu.  Əksər rayonlar bu döyüşdən şəhid qarşıladı.

Bu rayonlar arasında Beyləqan rayonu da var idi.  10 aprel 2016-cı ildə məğrur Beyləqan şəhidini qarşıladı . O şəhid Şahin   Yaşar oğlu Cavadzadə idi.

Şahin Cavadzadə 15 may 1995-ci ildə Beyləqan rayonunda doğulmuşdur. 2001-ci ildə Beyləqan rayonu Fərman Hacıyev adına 2 nömrəli orta məktəbin 1-ci sinfinə qədəm qoymuşdu.  2012-ci ildə məktəbi bitirib, iyul ayında həqiqi hərbi xidmətə çağırılmışdı. “N” saylı hərbi hissədə xidmətdə olduğu zaman,  könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə daxil olmuşdu. Kiçik gizir rütbəsini alanda sevincinin həddi-hüdudu yox idi. Hədəfi uzaq idi. Azərbaycanın Ordusunda ucalara yüksəlməyi , əzəli və əbədi Azərbaycanın olan İrəvan qalasına üçrəngli bayrağı sancmağı arzulayırdı.

Vətən sevgisi onu 2014-cü ilin iyul ayından etibarən Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi fəaliyyətə vadar etdi. Tez bir zamanda cəsarəti, mərdliyi, sözünəbütövlüyü ilə həmkarlarının və komandanlığının hörmət və etibarını qazanan gənc gizir daha məsuliyyətli tapşırıqlara cəlb olunmasına şərait yaratdırdı.

Analar oğul dünyaya gətirəndə onun beşiyi başında keçirdiyi yuxusuz gecələrdə övladları ilə bərabər onun haqqında xəyallarını da  bəsləyib böyüdür. Anaların ən böyük arzusu oğul toyunda qol qaldırıb süzməkdir.Bəy boynu qucaqlamaqdır. Evində çıraq yandıracaq gəlini gətirməyə gedən maşın karvanının yolunu sevinc və səbirsizliklə gözləməkdir. İradə  ana da yollara boylandı həmin gün…üç rəngli bayrağa bürünmüş şəhid oğlunun nəşini gətirən maşın karvanına açıldı həyətinin darvazası. Oğul boynu qucaxlayan qolları nəşin üstündən götürülən bayrağı basdı sinəsinə.

Gizir Şahin Cavadzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan  təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.Aprelin 10-u isə Şahin Cavadzadə doğulduğu Beyləqan rayonunun Bosunlu kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Cavadzadə uğrunda şəhid olduğu torpağa tapşırıldı. Cəmi 21 illik həyatına sığdırdığı qəhrəmanlıqla adını tarixə qızıl hərflərlə yazdırmağı bacardı Şahin.

Şahin Cavadzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin  sərəncamı ilə ” Hərbi  xidmətdə fərqlənməyə görə III dərəcəli medalı” ilə təltif edildi.

Onun yadigarı qalmadı. Əvəzində daim onu sevərək hörmət və ehtiramla anacaq böyük bir kütlə buraxdı ardından . Bir də ən çox sevdiyi NİVA markalı avtomabil. O avtomabil ki, kənd küçələrində görünəndə dost-tanışlarını çaşdırır. Rol arxasında onu görəcəkləri ümidi ilə boylanmağa vadar edir.

Şahin şərəfli ömür yaşadı. Gələcək nəsillərə örnək olacaq ömür. Yaşar ata, İradə ana, sizlər Vətənə bir oğul  şəhid verdinizsə də minlərlə oğul qazandınız. O oğullar Şahinin qisasını yağı düşməndən alacaq. Onun yarımçıq qalmış arzusunu düşmən üzərində qələbə çalmaqla   tamamlayacaqlar. İllər ötəcək, amma Şahinin adı əsla unudulmayacaq.

Pərvin Abışova /AzTimes.az/

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here