Tarix danışır-İlham Cəmiloğlunun dili ilə

0
34

Kapitan idi, bir dəqiqə sonra general oldu – Stalin partizanların komandiri Naumova həm də “qəhrəman” adı verib.

Onu şanslı bir zabit sayıblar. Amma əslində qazandığı uğurlar öz əziyyətinin, qorxmazlığının, bir hərbçi kimi əsl peşəkarlığının sayəsində olub. Şəxsən İosif Stalinin təşəbbüsü və əmri ilə kapitan rütbəsindən birbaşa general rütbəsi alması da heç təsadüfi olmayıb. Mixail Naumov sovet ordusunun ən gənc generallarından biri olub.

9 aprel 1943-cü ildə Dövlət Müdafiə Komitəsində növbəti müşavirə keçirilib. Marşal və generallar ayrı-ayrı cəbhələrdəki vəziyyətlə bağlı Stalinə məruzə ediblər. Marşal Georgi Jukovun şimal cəbhəsindəki əməliyyat şəraiti haqqında məruzəsindən sonra Stalin kəskin şəkildə narazılığını bildirib, həmin istiqamətdə xidmət edən generalların ünvanına sərt ifadələr işlədib:

– Yoldaş Jukov, mən belə anladım ki, şimal istiqamətində olan generallarımız qoşun və hərbi hissələrə komandanlıq etmək iqtidarında deyillər. Yəqin ki, biz onları ali rütbələrlə təltif etməkdə tələsmişik. General rütbələri onların çiyninə ağırlıq edir.
Jukov vəziyyəti bir az yumşaltmaq üçün cəbhə generallarını müdafiə edib:

– Yoldaş Stalin, vəziyyət o qədər də kritik deyil. Bütövlükdə götürsək, şimal istiqamətində üstünlük sovet qoşunlarındadır. Mövcud nöqsanlar isə qısa müddət ərzində aradan qaldırılacaq.

Daha sonra marşal Aleksandr Vasilevski məruzə edib. O, birləşmiş partizan dəstələrinin fəaliyyəti haqqında Stalini məlumatlandırıb:

– Yoldaş Stalin, birləşmiş partizan dəstələri “səhra reydi” adı altında Belarusiya və Ukrayna cəbhələrində düşmənin arxasına keçərək 2379 kilometrlik məsafədə 300-dən artıq əməliyyat keçiriblər. Bu əməliyyatlar nəticəsində almanların qarnizonları, düşərgələri, sursat və əşya anbarları, körpülər dağıdılıb. Dəstənin rəhbəri kapitan Mixail Naumov əsl peşəkarlıq nümayiş etdirərək keçdikləri ərazilərdə sovet qoşunlarının döyüş əməliyyatları keçirməklərinə də köməklik göstəriblər.

Marşal Vasilevski məruzəsindən sonra birləşmiş partizan dəstələrinin keçirdikləri əməliyyatlar haqqında toplanmış materialları,“məxfi” qrifli qovluğu Stalinə təqdim edib.

Stalin materiallarla tanış ola-ola, başını qaldırmadan göstəriş verib:

– Protokolda qeyd edin ki, birləşmiş partizan dəstəsinin başçısı general-mayor Mixail Naumova Dövlət Müdafiə Komitəsinin təşəkkürü elan edilsin.

Bu göstərişdən sonra marşal Vasilevski söz almaq üçün Stalindən icazə istəyib. Stalin başını tərpətməklə Vasilevskiyə söz verib:

– Yoldaş Stalin, Mixail Naumovun rütbəsi kapitandır

– Yanılırsınız, marşal, o artıq generaldır…

Beləliklə, kapitan rütbəli Naumov birbaşa general rütbəsinə sahib olub.

Mixail Naumov 1908-ci ildə Permdə anadan olub. Orta təhsil aldıqdan sonra cilingər köməkçisi kimi ilk əmək fəaliyyətinə başlayıb. 1928-ci ildə partiya sıralarına daxil olub. Fəal ictimaiyyəçi kimi komsomol və partiya tədbirlərində həmyaşıdlarından fərqlənib. 1930-ci ildə sərhəd qoşunlarında hərbi xidmətə başlayıb.

Hərbi xidmətdə olarkən Naumov gələcək taleyini hərb sənətinə bağlamağa qərar verib. Qomel şəhərində hərbi-kimya məktəbinə qəbul olunub.

Bir müddət 21-ci alayda kimya xidmətinin rəisi işlədikdən sonra Naumov Moskvada Ali Sərhədçilər Məktəbində təhsilini davam etdirib.

Müharibə başlananda 94-cü sərhəd dəstəsində xidmət edən Mixail Naumov partizan dəstələrinin yaradılması işinə qoşulub. Kurskda, Poltavada, Vinnitsada, Odessada, Jitomirdə, Kiyevdə keçirdiyi uğurlu əməliyyatlarla düşmən qüvvələrinə yetərincə böyük zərbələr endirib.Zakir Osmanov adlı şəxsin şəkli.

1943-cü ildə general-mayor rütbəsi almaqla yanaşı, Sovet İttifaqı Qəhrəmanı adı ilə də təltif edilib.

Müharibədən sonrakı dövrdə Mixail Naumov xidmətini daxili işlər orqanlarında davam etdirib. Bir müddət Çernovtsıda, Leninqradda daxili işlər idarələrinin rəisi vəzifəsində xidmət etdikdən sonra 1953-cü ildə Ukrayna daxili işlər naziri vəzifəsini müvəqqəti icra edib. 1954-cü ildən Ukrayna Daxili İşlər Nazirliyinin daxili qoşunlarının komandanı təyin olunub.Zakir Osmanov adlı şəxsin şəkli.

1960-cı ildə xidmətdən tərxis olunan general Naumov Kiyevdə yaşayıb. 4 və 5-ci çağırışlarda Ukrayna Ali Sovetinin deputatı seçilib.

Naumov ömrünün son illərində müharibə ilə bağlı memuarlarını qələmə alıb, mütəmadi olaraq dövrü mətbuatda çıxış edib. Ukrayna Yazıçılar İttifaqının üzvü olan Naumovun yazıları ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

General Mixail Naumov 1974-cü ildə, 65 yaşında vəfat edib. O, Kiyevdə dəfn edilib.

İlham Cəmiloğlu /AzTimes.az/

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here