Gənc rejissorumuz uğur qazanmağa davam edir-MÜSAHİBƏ

0
64

Gənc rejissor Zəhra Mirzanın 2018-ci ildə çəkdiyi “Qanadlı Möcüzə” filmi bu günədək 19 festivalda seçilmişdir. Daha  3 festivalda  isə finalist olmuşdur. Bu yaxınlarda İraqda keçirilən görkəmli 2019 5.Al-Nahj Beynəlxalq Film Festivalının isə “Ən yaxşı film” mükafatına layiq görülmüşdür. Qeyd edim ki, bu festivalda ölkəmizi təmsil edən yeganə həmyerlimiz Zəhra idi. Festivalın ən gənc iştirakçısı olan Zəhra 14 ölkədən, 56 iştirakçını geridə qoyaraq 100 qramlıq saf qızıl mükafatı vətənə gətirdi.

-Zəhra xanım, mümkünsə, bir az özünüz barədə məlumat verərdiniz.

Mən, 1998-ci ildə Bakıdan anadan olmuşam. Konservatoriya tərkibində Respublika İncəsənət Gimnaziyasında oxumuşam. Orda 6 il Xoreoqrafiya üzrə dərs almışam. Gimnaziyanı Rejissorluq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişəm. Bitirdiyim il ,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və Televiziya” fakultəsinin Televizya rejissorluğu ixtisasına daxil olmuşam.  Müəllimim, Şərif Qurbanəliyev olmuşdur. Daha sonra müəllim getdi və gördüm ki, daha burda heçnə yoxdur. Düşündüm 2 ilimi belə boş yola verə bilmərəm. Axı, öyrənmək lazımdır. Ona görə də kinoya keçdim. Kinorejissor ixtisası müəllimim “Xalq artisti” Oktay Mirqasımdır.

-Zəhra xanım, festivalla bağlı təəssüratların maraqlıdır. Qalib olacağını düşünürdün? 

Təvazökarlıqdan uzaq olsada yer tutacağmı düşünürdüm. Amma “Ən yaxşı film” mükafatını gözləmirdim. Bu başqa bir həyəcan idi. Bakıya qayıdanda 2 kq arıqlamışdım. (Gülümsəyir)

-Sizcə, bu yaşda bu qədər nailiyyətlər əldə etmək tez deyildi?

Təşəkkür edirəm.  Məncə, əziyyət çəkən hər bir insan bunun bəhrəsini görür. Düzdür, bu nailiyyətlər asan başa gəlməyib. Yuxusuz gecələr, əsəb, stress, bəzən də göz yaşı… Amma mən sənətimi sevirəm. Sənət mənim sevgilimdir… Əslində bu mövzu açılanda , kimsə mənə rejissorluq barədə nəsə deyəndə elə bilirəm bu ancaq mənim üçün yaradılıb, mənim qədər bu sənəti sevən yoxdur. Bu sevgi ilə bərabər hələ birdə ailəmin mənə olan dəstəyi,  güvəndiyim insan prodüserim Elşən Əli Nurun təkanı, bunlar hamısı mənə bu yolda işıq açdı.

-Nə gözəl. İndi gəl səni ,bu uğurlara gətirib çıxaran filmindən danışaq. “Qanadlı möcüzə” nədən bəhs edir?

Hər kəs elə bilir “Sənətin gücü” Sunay Akının hekayəsidir. Elə məndə belə bilirdim. Qəribəsi orasındadır ki, bunu  2019 5.Al-Nahj Beynəlxalq Film Festivalında Türkiyə iştirakçılarından öyrəndim ki, bu olmuş bir hadisədir. İdeya heç bir sıxıntının, heç bir çətinliyin  yaradıcılıq gücünə, daxili azadlığa qalib gələ bilməyəcəyi haqqındadır. Mən ,ssenaridə bu hadisəni 1937-ci illərdəki Repressiya dönəminə adaptasiya etmişəm. Filmdə “Əməkdar artist” Bəhruz Vaqifoğlu, “Fəxri mədəniyyət işçisi” Kərəm Hadızadə və Zəhra Mehdizadə iştirak edib. Onlara xüsusi təşəkkürümü bildirirəm. Mənə təmənnasız yardım etdilər. Zəhra Mehdizadənin 9 yaşı olmağına baxmayaraq, rolunun öhdəsindən peşəkarcasına gəldi. Operatorum Vasif İbrahimov,  İşıqçı Murad Məmmədov, Rəng və montaj Dr.Nicat Zeynallı, Rəssam Bahar Dəmirli, Geyim üzrə Rəssam Əziz Məmmədov, Qrim ustası “Əməkdar incəsənət xadimi” Elbrus Vahidov, Musiqi və səs Rabil Səfərli, Poster tərtibatı Orxan Bektaş burdan bir daha hamısına təşəkkürümü bildirirəm. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına çəkiliş üçün şərait yaratdığına görə minnətdaram.

-Elşən müəllim , Zəhra xanımı necə kəşf elədiniz?

Mənim ətrafımda istedadlı gənclər çoxdur. Onlara bu yöndə istiqamət verməyə çalışıram.Zəhra xanım isə onlardan fərqlənir.Onun bu sənətə olan istəyi və əzmi mənim  diqqətimi çəkdi.Sənətə  bu qədər aşıq olan qadını ondan qoparmaq mümkün deyil. Zəhra mənə, filmi çəkmək onun üçün çətin olacaq deyəndə, özüm-özümə belə bir istedad bu filmi çəkməlidir dedim. Və film üçün bütün təşkilatı işi öz üzərimə götürdüm. Bu gün mən , aldığım qərardan bir daha xoşbəxtəm.

-Elşən müəllim, bu sahədə istedadlı gənclərə ehtiyac varkən onların yeri niyə boşdur?

Əslində bu sahədə gənclər yetərincədir. Ancaq hamısı kommersiya filmləri üçün çalışır. Sənətin daşını atıb, bayağı filmlərdən pul qazanmağı üstün biliblər, ya da onlarınkı ancaq bu yöndə inkişaf edib.(Gülümsəyir). Birdə ki, bizim təhsil sistemimizdə çox boşluqlar var. İstedadlı gəncləri seçmək , qabağa çəkmək və inkişaf etdirmək üçün heç kim cəhd etmir. Elə bilirlər universtet ancaq illik ödənişi alıb, qayıb yazmaqdan ibarətdir. Mən universtetlərimizin bu vəziyyətindən çox narahatam. Tələbələrin əksəriyyəti ya əsgərliyə, ya da ərə getməmək üçün universitetə qəbul olur.

-Zəhra xanım, universitetdən söz düşmüşkən təhsil aldığın müəssisə səni qane edirmi?

Hm… Admiu-da yaradıcılıq mühiti zəifdir. Universitet demək olar ki, istedadlı tələbələrə qarşı laqeyddir. Çox az müəllim var ki, həqiqətən də tələbə yetişdirmək istəyir. Bu barədə özmü şanslı hesab edirəm. Çünki mənim Şərif Qurbanəliyev və Oktay Mirqasım kimi müəllimlərim var.

– Uğurların bir azərbaycanlı kimi hamımızı sevindirir. Amma ən-ənələrinə bağlı, mentalitetinə sadiq bir cəmiyyətdə qadın rejissor olmaq nə qədər realdır?

Mən bu yola çıxmazdan qabaq məni hansı çətinliklərin gözləyə biləcəyini dərk eləmişdim. Hər kəsin rejissoru kişi gördüyü cəmiyyətdə, qadın olaraq onlara rəqib olmaq cəsarət işidir. İlk başlarda mənə qadından rejissor olmaz deyirdilər. Lakin məncə, mən bunu aşmışam.

 

-Nə xoş sizə. Maraqlıdır, sənətini bu qədər sevən bir xanım sənət və ailə arasında qalsaydı hansını seçərdi?

Mən gələcəkdə özümü ana kimi təsəvvür edirəm. Amma bu başqa anadır. Mən dünyaya filmlər gətirmiş, xoşbəxt anadan danışıram. Bundan zövq alan, heç vaxt doğmaq həvəsi tükənməyən rejissor anadan bəhs edirəm. Sənət olmasa, mənim bir parçam olmaz. Düşünürəm, yarımcan insanda heç kəsə lazım deyil.

-Təşəkkür edirəm Zəhra xanım.

Elşən müəllim, bir prodüser kimi , kommersiya filmlərinin hegemonluq elədiyi bir dövrdə , gələcəklə bağlı ümüdləriniz.

Ölkəmizdə film yeni doğulmuş körpədir. Ancaq hələ cinsiyyəti məlum deyil. Hərə bir ad qoyur.İnanıram ki ,bir müddətdən sonra bizim istedadlı gənclər dünya fəthindən qayıdacaqlar və Azərbaycanda sənətin doğru yolda irəliləməsinə nail olacaqlar.Əslində ,bizim tamaşaçılar da bu vəziyyətdən bezib.

Aygün Sadiq /AzTimes.az /

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here